Eldar Namazov: “Türkiyə Minsk Qrupunda öz rolunu oynamalıdır”

Eldar Namazov: “Türkiyə Minsk Qrupunda öz rolunu oynamalıdır”
  • Clock-gray 18:47
  • calendar-gray 13 Avqust 2020

“Bölgəmizdə çox mühüm geopolitik dəyişikliklər baş verir. Hətta sovetlər birliyi dağılandan sonra ola bilsin ki, öz əhəmiyyətinə görə ən vacib geopolitik dəyişmələrin şahidi olmaqdayıq. SSRİ dağılandan sonra bu bölgədə formalaşmış geopolitik durum ondan ibarət idi ki, bölgədə yalnız Rusiya öz hərbi, siyasi təsirini saxlamışdı. Qərb ölkələrinin isə burada daha çox iqtisadi maraqları formalaşırdı. Bu, əsasən, enerji layihələri ilə bağlı idi. İndi baş verən dəyişikliklər isə çox mühümdür. SSRİ dağılandan sonra ilk dəfə olaraq bu dəyişikliklər hərbi-siyasi səhnəni əhatə edir”.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov deyib.

O bildirib ki, Cənubi Qafqaz regionunda güclərin balansını dəyişməyə yönəlik dəyişikliklər gedir: “Azərbaycan tərəfinin yaydığı məlumat bir neçə səbəbdən böyük maraq doğurur. İlk dəfə olaraq, Azərbaycan Prezidentinin xarici ölkə başçısı ilə söhbəti bu qədər ətraflı şəkildə ictimaiyyətə çatdırılır. Azərbaycan tərəfi danışıqların əsas mahiyyətini açmaqla həm Azərbaycan ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çox ciddi mesajlar verdi. Danışığın özündə də Azərbaycan Prezidenti məhz ictimaiyyətin narazılığını önə çəkdi. Bu da kifayət qədər yeni və siyasi iradə tələb edən yanaşmadır. Çünki ictimaiyyətin marağını çatdırmaq o deməkdir ki, Azərbaycanda bu qaldırılan məsələlərlə bağlı daxili konsensus mövcuddur. Rusiyaya ünvanlanan suallar da hər bir azərbaycanlının adından ünvanlanır. Bu da Rusiyaya çox ciddi mesajdır. Azərbaycan Prezidenti telefon danışığı zamanı ciddi geopolitik dəyişikliklərə səbəb olan hadisələrə toxundu. Faktiki olaraq qarşıdan gələn çox ciddi addımlarının anonsunu verdi. Bu ciddi addımlar da Azərbaycanla Türkiyənin arasında hərbi-siyasi sahədə əməkdaşlığın yeni mərhələyə qalxması ilə bağlıdır”.

E. Namazov deyib ki, ermənilərin iyul ayında Tovuz istiqamətində Azərbaycana qarşı təxribat törətməkdə əsas məqsədlərindən biri o zonada erməni tərəfinə çox yaxınlıqda yerləşən beynəlxalq qaz və neft boru kəmərlərinə nəzarəti götürmək olub: “Erməni tərəfinin almaq istədiyi yüksəkliklərdən həmin beynəlxalq enerji kəmərlərinə nəzarəti təmin etmək mümkün idi. Həmin günlərdə isə məhz Rusiyadan Ermənistana 7 hərbi təyyarə ilə böyük həcmdə silah-sursat daşınırdı. Rusiya və Ermənistanın atdığı addımlar cavab reaksiyasına səbəb oldu. Güman edirəm ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın yeni səviyyəyə qaldırılması müsbət tendensiyalara səbəb olacaq”.

E. Namazov vurğulayıb ki, Ermənistana silah göndərilməsi işğalçını dəstəkləmək, münaqişənin həllinə imkan verməmək və mövcud status kvonu möhkəmləndirmək deməkdir: “ATƏT-in Minsk Qrupunun fəaliyyəti uzun müddətdir ki, Azərbaycan ictimaiyyəti tərəfindən çox sərt tənqidə məruz qalır. Bu yaxınlarda Azərbaycan Prezidentinin də Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə verdiyi qiymət demək olar ki, cəmiyyətin reaksiyasını əks etdirdi. Son illərdə aparılan danışıqların heç bir mənasının olmadığını, mənasız danışıqlar getdiyini, Minsk Qrupunun öz mandatına, BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq, işğal olunmuş ərazilərin azad olunması ilə bağlı heç bir ciddi səylər göstərmədiyini Prezident dəfələrlə vurğulayıb. Azərbaycan Prezidenti xəbərdarlıq edib ki, biz daha mənasız danışıqlar aparmayacağıq. Bu çox ciddi xəbərdarlıqdır. Türkiyə eyni zamanda Minsk Qrupunun üzvlərindən biridir. Türkiyə Minsk Qrupunda öz rolunu oynamalıdır. Biz, adətən, 3 dövlətin - ABŞ, Fransa, Rusiyanın adını çəkirik. Son hadisələr onu göstərir ki, bizim bölgədə Türkiyənin hərbi-siyasi nüfuzu artdıqca, bölgədə Rusiyanın təsirini balanslaşdırmağa nail olandan sonra Qarabağla bağlı da danışıqlarda çox ciddi dəyişikliklər olmalıdır. Əslində, daha effektli müzakirələr Türkiyə, Azərbaycan-Rusiya, Ermənistan dördlüyünün arasında gedə bilər. Burada Türkiyə Rusiyanın bu günə kimi buradakı mənfi rolunu neytrallaşdıra bilər. O cümlədən Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi güc tətbiq edəcəksə, üçüncü tərəf kimi Rusiyanın müdaxilə etmək imkanının qarşısını məhz Türkiyə ala bilər. Burada Türkiyənin NATO-nun üzvü olduğu da nəzərə alınmalıdır".

E. Namazov Türkiyənin ATƏT-in Minsk Qrupunda rolunun artacağını istisna etmir: “Minsk Qrupunun daxilində də çox gözəl anlayırlar ki, onların səyləri nəticə vermir. Minsk Qrupunun özü də dəfələrlə bəyan edib ki, status-kvo dəyişməlidir, ancaq Ermənistan buna imkan vermir. Minsk Qrupu anlayır ki, acizdir və onların əlində Ermənistana təzyiq mexanizmləri yoxdur. Bu mənada Minsk Qrupu bir neçə dəfə Rusiyanın təkbaşına təşəbbüslə çıxış etməsinə də imkan verib. Rusiya bir neçə dəfə təşəbbüslə öz adından Azərbaycan və Ermənistan arasında hansısa vasitəçilik etməyə təşəbbüs göstərib. Minsk Qrupu bu təşəbbüslərdən də heç nə əldə edə bilmədi. Ona görə də güman edirəm ki, Minsk Qrupunun başqa bir üzvünün - Türkiyənin bu məsələdə daha fəal olması və konkret nəticə əldə etmək üçün ortalığa nüfuzunu qoyması və birbaşa prosesdə iştirak etməsi əslində Minsk Qrupunu o qədər də narahat etməli deyil. Çünki Minsk Qrupu özü də anlayır ki, onun səyləri heç bir nəticə vermir”.

Firuzə Vahid

Digər xəbərlər