Federasiya Şurası sədrinin müavini: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dəstəyini davam etdirəcək"

Federasiya Şurası sədrinin müavini: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dəstəyini davam etdirəcək"
  • Clock-gray 19:55
  • calendar-gray 24 Yanvar 2020

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu”  adlı konfransın iştirakçıları ilə görüşüb. 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Oqtay Əsədov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir: “Siyasi münasibətlərimizin inkişafında dövlət başçılarımızın şəxsi münasibətlərinin və qarşılıqlı səfərlərin böyük rolu var. Hökumətlərimiz və parlamentlərimiz arasında da əlaqələr davamlı olaraq genişlənir. 2019-cu ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 3 milyard dollardan artıq olmuş və bunun daha da artması gözlənilir. Siyasi-iqtisadi münasibətlərimizlə yanaşı, humanitar əlaqələrimiz də getdikcə genişlənir.  Bunu bu günlərdə “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu”  adlı konfransın ölkəmizdə keçirilməsi bir daha sübut edir”.

Sədr həmçinin qeyd edib ki, Azərbaycanda rus dilinə böyük hörmət var: “Bakıda Slavyan Universiteti fəaliyyət göstərir, 338 orta məktəbdə rus dilində fənlər tədris olunur. 27 ali məktəbdə isə rusca tədris aparılır. Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Univeristetinin filialı və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərir”.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya son səfəri zamanı keçirilmiş görüşlər, Moskvada keçirilmiş 10-cu Regionlararası Forum öz yaxşı nəticələrini verib. Həmin səfər zamanı Mehriban xanım Əliyeva iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Prezident Vladimir Putin tərəfindən Rusiyanın Dostluq Ordeni ilə təltif olunub. Ölkələrimiz arasında münasibətlərin səviyyəsini ən yaxşı xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, əgər bütün ölkələr arasındakı münasibətlər Rusiya və Azərbaycanın münasibətləri kimi olsaydı, dünyada problem qalmazdı” -, deyə O. Əsədov əlavə edib.

Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov 23-26 yanvar tarixlərində Bakıda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərarası dialoqu” adlı konfransda iştirak etmək məqsədilə ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək qiymətləndirib: “Bu cür tədbirlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfədir”.

Dağlıq Qarabağ münaqişəsindən danışan İlyas Umaxanov bildirib ki, Rusiya bu münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun həllinə tərəfdardır və münaqişənin həlli üçün bundan sonra da dəstəyini davam etdirəcək”.

Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev  və digər rəsmi şəxslər iştirak ediblər.

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date