Milli Məclisin deputatının koronavirusla mübarizədə Azərbaycan təcrübəsi ilə bağlı məqaləsi İordaniyada dərc olunub - FOTO

Milli Məclisin deputatının koronavirusla mübarizədə Azərbaycan təcrübəsi ilə bağlı məqaləsi İordaniyada dərc olunub - FOTO
  • Clock-gray 15:07
  • calendar-gray 31 Mart 2020

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Koronovirus pandemiyasına qarşı qlobal mübarizə: Azərbaycan təcrübəsi” adlı irihəcmli məqaləsi 30-31 mart tarixlərində  İordaniya Haşimilər Krallığının rəsmi dövlət saytı olan “Ammon news”, “Deeretna news”, “Alanbat news”, müstəqil saytları olan “Johina news”, “Nəbz”,  Fələstinin dövlət saytı olan “Maan news”, “Əlhəyat Əljadida” və bu saytın qəzet versiyasında, habelə Misir Ərəb Respublikasının “Şəbab Əinil“ və “Əlvəsilə news” adlı saytlarında çap olunub.

APA-nın məlumatına görə, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin bütün dünyanı cənginə almış koronovirus pandemiyasına qarşı atdığı preventiv, profilaktik, ardıcıl və sistemli addımları təqdim və təhlil olunur. Burada qeyd olunur ki, ilk tədbirlər olaraq bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on mindən artıq Azərbaycan vətəndaşı vətənə qaytarılmışdır. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir.

Məqalədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq etdiyi bəzi sosial izolyasiya, habelə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejiminin əhatə dairəsi və mahiyyəti açıqlanıb.

Məqalədə xüsusi olaraq vurğulanır ki, Prezident İlham Əliyevin 19 mart tarixində imzaladığı “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

“Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq”, - deyən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsi nümunə göstərərək fonda birillik əmək haqlarını ianə ediblər. Dövlət rəhbərliyinin bu unikal addımları ölkəmizdə geniş ictimai rezonans doğurub. Müxtəlif təşkilatlar, qurumlar, sahibkarlıq subyektləri, ictimaiyyət nümayəndələri və ziyalılar bu prosesə böyük ruh yüksəkliyi ilə qoşulmuşlar. Hakim Yeni Azərbaycan Partiyası da bu işdə öncül mövqedədir. Hakim partiya Fonda 500 min manat civarında vəsait ianə edib. Bundan savayı, YAP Naxçıvan Muxtar Respublikasında yaradılan analoji Fonda 30 min manat vəsait köçürüb. Paralel olaraq YAP fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası çərçivəsində operativ profilaktik və mübarizə tədbirlərinə qoşularaq maarifləndirmə işində fəallıq göstərirlər. Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun qeyd etdiyi kimi “Bu günə qədər YAP-ın könüllüləri 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmin aksiya bu gün də və bundan sonra da davam etdiriləcək.

Məqalədə Prezident İlham Əliyevin martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” imzaladığı Sərəncam və onun əhatə dairəsi ilə bağlı görüləcək konkret sahələr də geniş təqdim olunmuşdur.

Elman Nəsirov məqalənin sonunda xüsusi olaraq vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında  planetar bəlaya çevrilmiş koronovirus pandemiyasına qarşı  aparılan çoxsaylı və sistemli tədbirlərin səmərəlilik əmsalı o halda lazımı nəticələri verə bilər ki, vətəndaş məsuliyyəti yüksək səviyyədə olsun. Dövlət-vətəndaş birliyi olsun.  Həmrəyliyimiz, birliyimiz və məsuliyyətimiz bizim nicat yolumuzdur. Biz bu bəlaya da az itkilərlə qalib gələcəyik. Bunun üçün xalq-hakimiyyət birliyini göz bəbəyi kimi qorumalıyıq. Bu birlik Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı üçün hava-su kimi vacibdir. Qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri bizi bu qorxulu  xəstəlik önündə güclü edir, əksi olan biganəlik, laqeydlik məsuliyyətsizlik isə düşmənin-koronovirusun “dəyirmanına  su tökmüş olur”. Bütün yuxarıda sadalanan reallıqlar fonunda  öz yorulmaz fəaliyyəti ilə xalqımızın qəlbində  şəfqət və mərhəmət  simvoluna çevrilmiş hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər birimiz üçün bir öyüd-nəsihət olan dəyərli fikirləri  xüsusi məna və əhəmiyyət kəsb edir: “Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır”.

apa-logo-mini

Digər xəbərlər