Musa Qasımlı: "Dağıstanla münasibətlərin möhkəmləndirilməsində Əziz Əliyevin xüsusi xidmətləri olub"

Musa Qasımlı: "Dağıstanla münasibətlərin möhkəmləndirilməsində Əziz Əliyevin xüsusi xidmətləri olub"
  • Clock-gray 17:07
  • calendar-gray 21 Sentyabr 2020

“Prezident İlham Əliyevin Azərbaycan və Dağıstan xalqları arasında dostluğa və mehriban qonşuluğa dair söylədikləri fikirlər həm tarixi keçmişimizi, həm də müasir reallıqları özündə əks etdirir. Həqiqətən də Azərbaycan və Dağıstan xalqları arasında mehriban qonşuluğun, dostluğun və qarşılıqlı faydalı əlaqələrin dərin kökləri var.  Bizi tarix, coğrafiya, mədəniyyət, din, dil birləşdirir.  Xalqlarımız arasında həmişə yaxın qonşuluq və səmimi dostluq münasibətləri mövcud olub”.

Bunu APA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

O bildirib ki, Dağıstanla münasibətlərin möhkəmləndirilməsində Prezident İlham Əliyevin babası, görkəmli dövlət və siyasi xadim Əziz Əliyevin xüsusi xidmətləri olub: “Məlum olduğu kimi, İkinci Dünya müharibəsi illərində Dağıstanı yaxşı bilən və yüksək təşkilatçılıq bacarığı olan Əziz Əliyev Dağıstan K(b)P MK-nın birinci katibi seçilib. Belə bir seçimin edilməsi əbəs deyildi. Buna qədər Əziz Əliyev Azərbaycanda  xalq səhiyyə komissarı, Azərbaycan SSR Ali Sovetinin katibi, sədri, Azərbaycan K(b)P MK katibi,  Cənubi Azərbaycanda sovet qoşunlarının siyasi rəhbəri və b. yüksək vəzifələrdə işləmişdi. Bəllidir ki, faşist Almaniyası Şimali Qafqazın, o sıradan  Dağıstanın da işğalına çalışırdı. Dağıstanın işğalı  Azərbaycanın  tutulmasın və müharibədə qələbənin taleyinin həll edilməsində böyük rol oynayan neftin ələ keçirilməsini asanlaşdırardı. Belə bir ağır və mürəkkəb şəraitdə Əziz Əliyevin bilavasitə rəhbərliyi altında Dağıstan xalqları bir ailə kimi faşizmə qarşı mübarizədə birləşdilər, ön cəbhənin təminatında xüsusi rol oynadılar.  Əziz Əliyev sovet rəhbərliyinin Dağıstan xalqlarını tarixi torpaqlarından  sürgün etmək planlarının da qarşısını alınıb.  Heç əbəs deyil ki, onlar  bu gün də Əziz Əliyevin parlaq xatirəsini uca tuturlar. Dağıstanda Əziz Əliyev adına küçə və prospektlər var, heykəli qoyulub”.

Deputat nəzərə çatdırıb ki, Dağıstan xalqları ilə tarixən mövcud olmuş mehriban qonşuluq və səmimi dostluq münasibətləri ənənəsi Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra da davam etdirilib: “Bu işdə xüsusi rol ümummilli lider Heydər Əliyevin və indiki şəraitdə cənab Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçımızın 2002-ci ilin iyun ayında imzaladığı sərəncamla Azərbaycan və Dağıstan xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov “Dostluq” ordeni ilə təltif edilib. Belə bir məsələni də vurğulamaq lazımdır ki, Azərbaycan və Dağıstan xalqları arasında olan səmimi dostluq və mehriban qonşuluq münasibətləri  bu respublikanın rəhbərləri tərəfindən də yüksək qiymətləndirilir. Misal olaraq, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun 2020-ci ilin avqust ayında Birinci vitse-prezident Mehriban Əliyevaya ad günü münasibəti ilə göndərdiyi təbrik məktubunda inkişaf edən əlaqələrdən böyük məmnunluq ifadə etməsi göstərir ki, xalqlarımız arasında münasibətlərin böyük potensialı və perspektivləri var”.

apa-logo-mini

Digər xəbərlər