"Şərq Tərəfdaşlığı" təşəbbüsünün Gənclərin İştirakçılığına dair Sammiti keçiriləcək

"Şərq Tərəfdaşlığı" təşəbbüsünün Gənclərin İştirakçılığına dair Sammiti keçiriləcək
  • Clock-gray 15:35
  • calendar-gray 01 İyul 2020

İlk dəfə olaraq virtual formatda "Şərq Tərəfdaşlığı" Gənclərin İştirakçılığına dair Sammiti keçiriləcək.

APA-nın xəbərinə görə, 2-3 iyul tarixlərində videokonfrans formatında keçiriləcək "Şərq Tərəfdaşlığı" təşəbbüsünün Gənclərin İştirakçılığına dair Sammitində regiondan olan 400-dən artıq fəal gənc lider və gənclər sahəsində çalışan şəxslər bir araya gələcək. Onlar Aİ və tərəfdaş ölkələrin qanunvericiləri ilə gənclər sahəsində qazanılan uğurlar və problemlər barədə fikir mübadiləsi aparacaqlar.

Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissar Oliver Várhelyi tədbiri bu cür şərh edib: "Regiondan olan gənclərin hüquq və imkanlarının artırılması Aİ üçün prioritetdir və gələcəkdə də prioritet olaraq qalacaq. Belə ki, gənclərə yatırılan sərmayələr ən yaxşı sərmayələr hesab olunur. Biz gənclər üçün yeni imkanlar açacağıq və gənclərin əmək bazarının tələb etdiyi bacarıqlara yiyələnməsini təmin etmək üçün hökumətlərlə birlikdə işləyəcəyik. Bu, gənclərin qlobal miqyasda rəqabət qabiliyyətli olmasına imkan yaradacaq və onlara regionda yüksək keyfiyyətli iş tapmalarına imkan yaradacaq".

Koronavirus ilə bağlı tətbiq edilən məhdudiyyətlər səbəbindən ilk dəfə olaraq onlayn formatda keçirilən sammit bütün dünyadan qeydiyyatdan keçmiş iştirakçılar üçün pulsuz olacaq. Sammitdə Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissar Oliver Varhelyi çıxış edəcək. 

Gənclərlə iş və gənclər siyasəti sahəsində qabaqcıl təcrübə mübadiləsi və ŞT-nin gələcəyi ilə bağlı müzakirə aparmaq üçün Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan iştirakçılar tədbirə dəvət olunub. Müzakirələrdə səslənən fikirlər və mümkün nəticələr hesabat şəklində sənədləşdiriləcək və müvafiq maraqlı tərəflərə təqdim olunacaq.

"Şərq Tərəfdaşlığı"nda gənclərin iştirakçılığı: bu günün tədqiqi və gələcək planların qurulması!” mövzusunda keçiriləcək sammitdə aşağıdakı məsələlər diqqət mərkəzində olacaq:

2020-ci ildən sonrakı "Şərq Tərəfdaşlığı" və gənclərin rolu;

"Şərq Tərəfdaşlığı" Gənclər şuraları və vətəndaş cəmiyyəti forumunu gücləndirməklə siyasətin formalaşmasında gənclərin iştirakı;

Bacarıqların inkişaf etdirilməsi vasitəsilə gənclərin təhsildən işə  keçidi;

Gənclər arasında sosial sahibkarlıq ilə bağlı reallıqlar və qabaqcıl  təcrübələr;

Səmərəli kommunikasiya və dezinformasiya ilə mübarizə;

Əsas diqqəti Erasmus+ və EU4Youth layihələrinə ayırmaqla EU4Youth paketi çərçivəsində əldə olunan nailiyyətlər.

Zümrüd Paşkin

Digər xəbərlər