Şərq Tərəfdaşlığının gələcək çərçivəsini müəyyən edə biləcək sənəd dərc edilib

Şərq Tərəfdaşlığının gələcək çərçivəsini müəyyən edə biləcək sənəd dərc edilib
  • Clock-gray 23:36
  • calendar-gray 19 Mart 2020

2020-ci ilin 10 mart tarixində “Avropa Regionlar Komitəsinin - yerli və regional qurumların Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasına dair rəyi” adlı 2020/C79/09 saylı sənəd dərc edilib.

APA xəbər verir ki, Şərq Tərəfdaşlığının (ŞT) gələcəyi ilə bağlı Avropa İttifaqının siyasətinə dair Avropa Regionlar Komitəsinin (ARK) (European Committee of the Regions (CoR)) tövsiyələrini əks etdirən sənəd Komitənin Prezidenti Karl-Heinz Lambertz tərəfindən təsdiq edilib.

Sənəddə ŞT-nin gələcək çərçivəsini müəyyən edə biləcək bir sıra vacib məqamlara toxunulub:

1) Sənədin 13-cü bəndində vurğulanıb ki, “Avropa Birliyi bütün tərəfdaşlarının (ŞT ölkələrinin) ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə verdiyi dəstəyə sadiq qalır. BMT Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və 1990-cı ildə ATƏT-in Paris Xartiyasında təsbit edilmiş məqsəd və prinsiplərdən irəli gələn öhdəliklərin tam icrası, onlara hörmət və onların riayət olunması dinc və bölünməmiş Avropa üçün ortaq baxışımız üçün əsasdır”;

“the European Union remains committed in its support to the territorial integrity, independence and sovereignty of all its partners. Full commitment, respect for and adherence to the purposes and principles enshrined in the UN Charter, the 1975 Helsinki Final Act and the 1990 OSCE Charter of Paris are fundamental to our shared vision for a peaceful and undivided Europe”;

Əlavə olaraq, sənədin 14-cü bəndində qeyd olunub ki, “Komitə regionda (ŞT regionunda) həll olunmamış münaqişələrin beynəlxalq hüquq prinsipləri və normaları əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyir. Münaqişələrin həlli, etimad və mehriban qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir”.

“supports renewed efforts to promote the peaceful settlement of unresolved conflicts in the region on the basis of the principles and norms of international law. The resolution of conflicts, building trust and good neighbourly relations are essential to economic and social development and cooperation”.

2) ARK ŞT-nin son 10 il ərzində səmərəliliyi və vacibliyini vurğulayaraq, həmin təşəbbüs çərçivəsində tərəfdaş ölkələrdə bir sıra vacib islahatların aparılmasına Aİ tərəfindən yardım göstərildiyini bildirib və ŞT-nin yeni layihələrlə inkişaf etdirilməsini təklif edib.

3) Sənəddə Aİ tərəfindən Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişlərinin imzalanması nəticəsində həmin ölkələr üçün Aİ-nin bir sıra proqramlarında iştirak imkanlarının yaradıldığı qeyd olunub. Digər tərəfdən, Komitə Aİ ilə assosiasiya sazişini imzalamamış tərəfdaş ölkələrlə mövcud “Tərəfdaşlıq prioritetləri” sənədləri əsasında və yeni çərçivə Sazişlərinin imzalanması vasitəsilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb

4) ARK Aİ tərəfindən ŞT ölkələrində həyata keçirilən layihələrə tərəfdaş ölkələrin, o cümlədən onların  yerli və regional qurumlarının daha da geniş şəkildə cəlb edilməsinin təşviqini təklif edib (layihələrlə bağlı qərarların qəbul edilməsi prosesində, həmçinin həmin qərarların icrası sahəsində). Əlavə olaraq, Komitə ŞT-nin gələcək formatında qanunun aliliyi, gender bərabərliyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində müəyyən edilmiş prinsiplərin tətbiqi, ŞT ölkələrinin dayanıqlı sosial və iqtisadi inkişafının təmin edilməsi, Aİ üzv dövlətlərinin ilə tərəfdaş ölkələrinin regionları, şəhərləri və yerli icra strukturları arasında əməkdaşlığın genişləndirilməsi, tərəfdaş ölkələrin müvafiq qurumların inzibati idarəçiliyinin inkişaf etdirilməsi üçün (Aİ-nin yardım instrumentləri vasitəsilə, təlimlər, mütəxəssislərin səfərləri vasitəsilə) dəstəyin göstərilməsinin davam etdirilməsi,  yerli və regional sahibkarlığa, kiçik və orta biznesə dəstəyin göstərilməsi, regionlarda yaşayan insanlar arasında əlaqələrin və qarşılıqlı səfərlərin təşviq edilməsi kimi aspektlərə xüsusi önəmin verilməsini təklif edib. 

5) Sənəddə qeyd olunub ki, Komitə Xorvatiya Prezidentliyi zamanı 2020-ci ilin 18 iyun tarixində keçirilməsi planlaşdırılan ŞT Sammiti zamanı ARK tərəfindən ŞT-nin gələcəyi ilə əlaqədar irəli sürülmüş tövsiyələrin  Avropa Komissiyası və Aİ üzv dövlətləri tərəfindən nəzərə alınacağına inanır

Bildiyiniz kimi, Aİ-nin 27 üzv dövlətini təmsil edən və yerli və regional səviyyədə seçilmiş nümayəndələrdən ibarət Komitə Aİ çərçivəsində yerli və regional özünüidarəetmə orqanlarının maraqlarını qorumaq üçün yaradılmış institutdur. Aİ-nin bütün əsas instituları, Avropa Komissiyası, Aİ Şurası və Parlament yerli və regional məsələlərlə bağlı qərar (hüquqi sənəd) qəbul etdikdə ARK ilə məsləhətləşməyə məcburdur. Aİ institutları tərəfindən hər hansı sənəd ARK-nın məcburi məsləhəti əldə olunmadan qəbul edildikdə, Komitə məsələ ilə bağlı Aİ-nin Ədalət Məhkəməsinə müraciət etmək səlahiyyətinə malikdir.

2020-ci ilin 18 iyun tarixində keçirilməsi planlaşdırılan ŞT Sammitindən öncə Aİ-nin struktur institutlarından biri olan ARK tərəfindən irəli sürülmüş ŞT-nin gələcəyi ilə bağlı Aİ-nin siyasəti ilə əlaqədar tövsiyələrdə milli maraqlarımıza xidmət edən məqamların vurğulanması xüsusi önəm daşıyır. Belə ki, Avropa Birliyinin bütün ŞT tərəfdaşlarının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə verdiyi dəstəyə sadiq qalması ilə bağlı ifadənin ARK tövsiyələrində əks olunması Aİ institutlarında, o cümlədən ŞT Sammitinin yekun bəyannaməsində ölkəmizin maraqlarına cavab verən mövqeyin qorunması üçün zəruri zəmin yaradır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date