Şamaxıdakı innovasiya yay düşərgəsi başa çatdı - - FOTOLENT

Şamaxıda təşkil olunan “Innocamp” innovasiya yay düşərgəsi başa çatıb.
 
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edib. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.
 
Bugünkü treninqlərin əsas mövzusu “Biznes bacarıqları”, “Kommunikasiya bacarıqları” idi. “Baku Psychology School”un rəhbəri Xatirə Səfərova, İqtisad Universitetinin müəllimi, “İSE Startap klubu”nun rəhbəri Turan Süleymanov, İnnovasiyalar Agentliyinin nəzdində “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin koordinatoru İradə Məmmədova, “INNOVA Ventures Group”un rəhbəri Vüsal Süleymanlının təqdimatında keçirilən təlimlər startapçıların xüsusi marağına səbəb oldu.
 
Həmçinin “Innocamp” yay düşərgəsi çərçivəsində “Milli innovativ ekosistemin inkişafı” mövzusunda dəyirmi masa təşkil olunub.
 
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov innovasiyalarla bağlı tədbirlərin Şamaxıda keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.
 
T. Məmmədov qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə bir sıra istiqamətlər üzrə işlər aparır. Çoxşaxəli işlərin uğurlu nəticəsinin əldə olunması müəyyən zaman tələb edir.
 
Onun sözlərinə görə, hazırda ölkəmizdə innovasiya ekosisteminin formalaşması prosesi sürətlə gedir. Bütün qurumların öz resurslarını təqdim etməsi əhəmiyyət daşıyır. Paytaxtda genişlənən bu prosesin regionlara gəlib çatması çox vacibdir. Şamaxı Rayon İcra Hakimiyyəti də prosesə qoşulmaq üçün gücünü səfərbər edib.
 
“Elm, təhsil və innovasiyaların bir araya gətirilməsi ilə bağlı planlarımız var. Eyni zamanda, kənd təsərrüfatında innovasiyaların tətbiqinə çalışmalıyıq”, - deyə T. Məmmədov vurğulayıb.
 
Tədbirdə BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti və “TC Holdings”in təsisçisi, akselerasiya və ekosistem mütəxəssisi Tal Catron çıxış edərək innovasiya ekosistemi barədə fikirlərini iştirakçılarla bölüşüblər. Həmçinin, sahə üzrə müasir tendensiyaları diqqətə çatdırıblar.
 
“Innocamp” yay düşərgəsi çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı T. Məmmədov və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti arasında görüş keçirilib. Görüş zamanı təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində innovasiyaların tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəblilərin yüksək texnologiyalar sahəsinə marağın artırılması məqsədi daşıyan “Robopark” layihəsi barədə danışılıb. 
 
Qeyd edək ki, “Innocamp” innovasiya yay düşərgəsi 29-31 avqust tarixlərində Şamaxıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilib.

LENT

23 Sentyabr 2019

Digər xəbərlər >>>